“Bozqurd” əl işarəsi Azərbaycanda… – Azər Həsənsoydan gündəmi silkələyəcək İDDİA
Bozqurd” əl işarəsinin yaranması haqqında danışmazdan öncə gərək bir qədər əvvəlki illərə “ekskurs” edək. Məhz 1985-1991-ci illər arası dövrdəki fəaliyyətmiz haqqında kitab yazmaq da olar. Amma, burada olduqca çox qısa şəkildə bəzi epizodları yazmaqla fikrimi çatdırmağa çalışacağam .
1986-88 ci illər. Hər gün yeni Respublika səviyyəli milli təşkilat yaratmaq üçün düşünürəm
– 1988 -ci il: Vaxtilə Dinamo Cəmiyyətində karate bölməsində məşq yoldaşım olan Ceyhun Dadaşovla(Dadaş) küçədə rastlaşıram. Məlum olur ki, CeyhunBakı Xoreoqrafiya məktəbində işləyir və axşamlar məktəbin zalında məşq edir və məşq keçir. Onunla bərabər Dinamodan dostlar Vaqif Məmmədov, Şervin Həlatai də orada məşq edirlər təbii ki gizli olaraq. Ona görə ki SSRİ-də 1978-ci ildə açılan karate bölmələri, 1984 –cü ilin əvvəlində qadağan edilmişdi. Ceyhun elə işə getdiyi üçün təklif edir zallara baxım. Məktəbin 5 məşq zalı var idi. Mən də orada məşqlərə başlayıram. Bir neçə ay sonra qərara gəlirik ki, bu zallardan səmərəli istifadə etməliyik- savaşçı gənclər hazırlamalıyıq amma necə ?
1989-cu il .Uşu üzrə 3 aylıq seminardan qayıtdıqdan sonra qərara alırıq idman və mədəniyyət qurumu yaradaq. O vaxt mövcud olan bütün qanunları oxuyuram ki, bir yol tapıb təşkilatı hüquqi qeydiyyata aldıra bilək. Qanunların “bir qədər yanından keçərək“ təsərrüfat hesablı mədəniyyət –idman mərkəzinin əsanaməsini hazırlayıram. Ad? Adla bağlı fikir mübadiləsinin birində ekstrasens Etibar Erkin də olur. O təklif edir ki “Savalan” adlandırın. Çünki, “ Savalan” həm dağ -əzəmət, güc, həm də Cənubi Azərbaycanla birliyimizi simvolizə edir. Bizə də bu ad və mənası xoş gəlir, ona görə yaradacağımız qurumun adının “Savalan” Mədəniyyət –idman Mərkəzi qoyulmasına qərar veririk. Mədəniyyət naziri Polad Bülbüloğluna geniş açıqlama verərək mədəni –idman tədbirləri, nümunəvi çıxışlar təşkil etmək planlarımızı bildiririk və inandırırıq ki, ölkəmizdə ilk olaraq belə bir mərkəzin yaranması nazirliyin də müsbət işi olacaq. (Həqiqətən də sonralar “ Savalan” MİM kollektivi olaraq Azərbaycanən bölgələrində nümunəvi çıxışlar, səhnələdirilmiş döyüş proqramları ilə çıxışlar edirik). Polad Bülbüloğlunun məktubu ilə təsərrüfat hesablı-demək olar ki özəl, bu mərkəzi dövlət qeydiyyatına aldırıram. Bakı Xoreorafiya Məktəbi ilə icarə müqaviləsi bağlayaraq 5 zalını saat 18-dən sonra icarəyə götürərək məşqlər təşkil edirik. Əsasən duş otaqlarını, ofisi təmir edərək fəaliyyətə başlayırıq. (Məhz duş otaqalrının təmirini ona görə qeyd edirəm ki, 1978-1984–cü illər Dinamo və Burevestnik Cəmiyyətlərində , daha sonra ADU-nun və məktəblərin zallarında məşqdən sonra yay-qış soyuq su ilə yuyunurduq ).
Mən, “Savalan” mərkəzinin direktoru, Ceyhun Dadaş direktor müavini, Vaqif Məmmədov maliyyə məsələləri, Şervin Həlati ilkin qrupların fəaliyyəti üzrə məsul şəxs kimi çalışmağa başlayırıq . Eyni zamanda hamımız idman bölmələrində məşqçi kimi də işləyirik. Elə burada Azərbaycanda ilk uşu bölmələrini yaradırıq. 1992–ci ildə mən ilk kikboksinq, rəhmətlik Süleyman Məmmədov isə taekvondo (İTF) bölmələrini açırıq. Beləliklə, Mərkəzdə 5 zalda, 2 növbədə karate, uşu, tətbiqi döyüş, nyatnam, vetvadao, taekvondo, kikboksinq bölmələri fəaliyyət göstərir. Öz həcminə və bir neçə döyüş növünün bir mərkəzdə dərslərinin keçirilməsi baxımından ”Savalan” MİM SSRİ- də yeganə qurum idi . Aşağıdakı 1-ci şəkil 1989-cu il , Savalan MİM döş nişanı , 2-ci şəkil 1992-ci il.
Ceyhun bəylə hələ 1988-ci ildən demək olar hər gün milli düşüncələrimiz və fəaliyyətimiz barədə fikir mübadiləsi edirdik. Həmçinin, düşünürdük ki, nədən türk xalqlarının bir salamlaşma jesti və ya əl işarəsi olmasın. Fəaliyyət istiqamətindən asılı olmayaraq başqa xalqlarda olan jestləri öyrənirdik. Qədimdən Türklərin simvolunun (totem deyil) Bozqurd olduğunu və ona görə də Bozqurda uyğun işarə (və ya jest) tapmamızın gərəkdiyi qənaətində idik..
1990-cı il- SSRİ rəhbərliyi 20 yanvar gecəsi Bakıya qoşun yeridir və məlum soyqırımı törədirlər… Bu hadısə hamını hədsiz hiddətləndirir və biz bir sıra tədbirlər həyata keçiririk. Mən də qəti olaraq yeni təşkilat yaratmaq fikri ilə yollar axtarıram … Təbii ki, həmin dövrdə heç bir uyğun tarixi milli ədəbiyyat, kitablar yox idi ki, salamlaşma üçün əl işarəsi barədə də bir “ip ucu” əldə edək. Qanlı yanvar hadisələrində bizə xalqımıza siyasi dəstək yalnız Türkiyənin Milliyətçi Çalışma Partiyasından (indiki MHP) oldu. Ona görə həmin vaxt bu partiya milli düşüncəli insanlarımızda rəğbət qazanmışdı.Bu partiyanın loqosu da məlum qurd şəkli idi. Amma hər hansı salmlaşma əl jesti yox idi.
1990-cı ilin yaz ayları olardı, elə “Savalan” MİM- də məşqdən sonra yenə də əllə salamlaşma forması barədə fikirləşirdik. Bir neçə saat bu barədə düşüncələrimiz bölüşərək əllə ağlımıza gələn hər cür jestləri göstərir, əllərlə divarda kölgələrə baxırdıq. İndiki məlum Bozqurd əl işarəsinin qurd başına oxşadığı qənaətinə gəlirik və bir xəzinə tapdığımız kimi sevinirik . Qərara aldıq ki, elə bu əl işarəsi salamlaşma üçün daha uyğundur . Beləliklə də indi hamının bildiyi Bozqurd əl işarəsi yarandı. Bu fikri elə orada – Savalandakı dostlarla bölüşsək də bəziləri ehtiyatla yanaşaraq ciddi fikir bildirmirlər- necə də olsa hələ SSRİ dağılmamışdı. Ancaq ondan sonra Savalan MİM–də öz aramızda belə salamlaşmağa başlayırıq.
1991-ci il – Savalan MİM ofisi, Bakı XM .
Yuxarıda yazdığım kimi “Savalan” MİM SSRİ məkanında öz fəaliyyət istiqamətinə, həcminə görə yeganə unikal mədəniyyət idman mərkəzi idi. Ona görə həmin dövrdə tanınmış bir çox ictimai və dövlət xadimləri mərkəzimizə baş çəkirdilər. Hətta ÇXR-nın Univeristetlərinin professorları və İdman Komitələrinin vəzifəli şəxsləri da Mərkəzimizın qonağı olmuşdular.
Qeyd edim ki, Ceyhun Dadaş eyni zamanda o vaxt Milli Hərakatın Liderlərindən olan Etibar Məmmədovun təhlükəsizlik məsələlərinə rəhbərlik edirdi. Biz gənclərimizə daha geniş olaraq döyüş növlərini tanıtdırmaq, döyüşçü ruhu aşılmaq üçün Savalan kollektivi olaraq nümunəvi çıxışlar hazırlmışdıq və müxtəlif yerlərdə nümayış etdirirdik. Ceyhun Dadaş da Etibar Məmmədov həbsdən azad edildikdən sonra Mərkəzimizə çıxışlara baxmaq üçün dəvət etmişdi. E.Məmmədov da İsgəndər Həmidovla (yanvar və ya fevral ayı olardı ) mərkəzə qonaq gəlir. Söhbət əsnasında onlara düşündüyümüz “Bozqurd” əl işarəsini göstəririk və bilgi veririk . Hər ikisi maraqlı fikir olduqlarını bildirirlər və bu əl işarəsinin anlamını, nədən ötrü düşündüyümüzü və kimlər arasında yaymaq fikrimiz olduğunu soruşurlar, biz də fikrimizi izah edirik: Bildiririk ki, bu əl işarəsini bir qrup, bir təşkilat və ya bir partiya üçün deyil, bütün türklərin salamlaşması üçün düşünmüşük .
1991- ci il 18 oktyabrda Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edir. Yeni təşkilatı təsis etmək imkanının yarandığını görərək dərhal– “Bozqurd” Azərbaycan Şərq Döyüş sənətləri Federasiyasının sənədlərini hazırlamağa başlayıram və noyabr ayının ortalarına sənədlər və loqonu hazırlayıb qurtarıram. Federasiya təsis edildiyində mən Prezident , Ceyhun Dadaş vitse prezident seçilirik . Lazımı sənədləri noyabr ayının sonunda Ədliyyə Nazirliyinə təqdim edirəm,2 fevral 1992-ci ildə Federasiya dövlət qeydiyyatına alınır. Bu federasiya müstəqil Azərbaycanda ilk dövlət qeydiyyatına alınan rəsmi idman federasiyası idi. Federasiyanı yaratmaqda məqsədim isə milli, dini mənsubiyyətindən asılı olmayaraq gənclərimizin milli düşüncəli, cəsarətli, dözümlü, bozqurd ruhlu sadiq savaşçı ruhunda tərbiyə edilməsinə, ciddi məşq etmələrinə təşviq etmək, şərait yaratmaq idi .
Aşağıdakı 1-ci şəkil “Bozqurd” federasiyasının ilk loqosu idi (1991) ( şəkildəki loqo ütü ilə çıxartmalı loqo olduğu üçün tərs üzündən görünüş alınıb) . 2-ci şəkildə döş nışanı, 3-cü şəkildə idman növləri üzrə keçirilən seminar və yarışlarda verilən diplomlardır, 4-cü şəkil isə daha sonralar hazırladığım loqodur. Köynəklərə loqo çıxartmalarını həmin dövrdə fəaliyyət göstərən H.Z. Tağıyev adına fabrikin mətbəəsində hazırladırdım.
3 may 1992. Prezident seçkiləri ilə əlaqədar Azadlıq meydanında mitinq . Əbülfəz Elçibəyi dəstəkləmək üçün Milliyətçi Hərakat Partiysının başkanı Alparslan Türkeş də gəlib. Meydanda, kürəyində MHP simgəsi olan hərbi geyimli gənclər də var. Bu gəncləri İsgəndər Həmidovun Türkiyə səfərindən sonra şəhərdə də görmək mümkün idi. Lakin, çıxışları alqışlamaları zamanı həmin gənclərin, eləcə də Əbülfəz Elçibəyin Bozqurd əl işarəsini tutmaları bizi həm təəccübləndirir, həm də xoş olur ki, düşündüyümüz əl işarəsi İsgəndər Həmidov tərəfindən təşkilatının üzvlərinə yayılmış və artıq ictimaiyyətə tanıtdırılır. Alparslan Türkeş elə oradaca Əbülfəz Elçibəydən bunun nə olduğunu soruşduqda o, “bizim Bozqurdlar bu cür salamlaşırlar” deyir . Alparslan Türkeş də bu əl işarəsi ilə kütləni salamlamağa çalışır lakin dəqiq bilmədiyndən onun tutduğu əl işarısi rokerlərin simvolu kimi alınır. Məlum olur ki, İsgəndər Həmidov Türkiyədə Alparslan Türkeşlə görüşəndən sonra Azərbaycanda da belə bir siyası partiya yaratmaq üçün fəaliyyətə başlayır və bizim 1991-ci ildə Savalan mərkəzində ona və Etibar Məmmədova göstərdiyimiz Bozqurd əl işarəsini Əbülfəz Elçibəyə və digərlərinə göstərmişdi.
Lakin müəlliflərinin kimlər olduğunu deməmişdir. Bildirilir ki , Türkiyəyə dönən kimi A.Türkeş MHP-lilərin bu cür salamlaşmalarına göstəriş verir. Düşündüyümüz “Bozqurd” əl işarəsinin yayılması bir tərəfdən xoş olsa da, digər tərəfdən bu əl işarəsinin hətta, “Bozqurd” adının da bir partiya tərəfindən “özəllədirilməsini“ düzgün hesab etmədik və etmirik də. Çünki bütövlükdə millətə, topluma aid olan ad və əl işarəsi nəinki bir siyasi təşkilata aid edilə bilməz hətta, bu hal cəmiyətin milli məsələlərdə birliyinə ciddi zərbə vuracaqdı. Bu barədə rəhmətlik İsgəndər Həmidovla bir neçə dəfə nəticəsiz söhbətimiz də oldu və onu o fikrindən daşındıra bilmədik. Bəzi məlum hadısələrdən sonra isə, vətəndaşlarımız eyni adlı partiya ilə federasiyanı qarışıq salmasınlar deyə, mən federasiyanın adını rəsmi yazışmalarda yalnız “Azərbaycan Şərq Döyüş Sənətləri Federasiyasi” kimi yazmaq məcburiyyətində qaldım (1995-ci ilədək) .
Yuxarıdakı tarixi oyma əsərində zəfər əl işarəsi tutan türk atlısıdır. Düşüncələrdə milli hisslər oyatsın deyə 2017-ci ildə məqalələrdə həmin işarənin də “Bozqurd salamlaşması“ olduğu yazılmışdır. Lakin, mən 1990–cı ildə Ceyhun Dadaşla “Bozqurd” əl işarəsini fikirləşib formalaşdıranda qədim türklərin zəfər əl işarəsi barədə xəbərimiz yox idi, SSRİ dövründə ola da bilməzdi. Həmin zəfər işarəsi bu gün rokçuların tutduğu əl işarəsi ilə demək olar ki eyndir.
Hazırda Türkiyəli qardaşlarımız “Bozqurd” əl işarəsini məhz MHP-nin yaratdığı , bəziləri isə bunun çox qədim tarixi olduğu və s. qənaətindədirlər və sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edirlər. Hətta, adını çəkmək istəmədiyim bəzi tanınmış şəxslər həmin əl işarəsində “şəhadət barmağın İslamı, işarə barmağın türklüyü və s.” olduğunu uyduraraq çıxışlar da etmişdir. Bu fikirlər uydurmadan başqa bir şey deyil. Çünki “Bozqurd” əl işarəsi dediyim kimi, Azərbaycanda 1990-cı illərdə tərəfimizdən yaradılıb və məqsəd dinindən, inancından asılı olmayaraq bu işarənin Dünya türklərinin vahid salamlaşma qaydası kimi yaymaq idi. Nə xoşdur ki, bu işarə artıq Dünya türkləri tərəfindən qəbul olunub və işlənməkdədir.
Bu açıqlamanı verməkdə yeganə məqsədimiz ictimaiyyətə həqiqətləri çatdıraraq, Bozqurd əl işarəsinin Azərbaycana məxsus olduğunu bildirmək və bu barədə insanları çaşdıran, uydurma fikirlərin yayılmasını önləməkdir .
P.S. Bozqurd əl işarəsinin yaranması tarixinin canlı şahidlərindən bir neçə nəfəri şükürlər ki, həyatdadırlar .
Azər Həsənsoy