Maraqlı

Onlayn falçılıqla məşğul olanların nəzərinə

Son dövrlər “TikTok” və digər sosial şəbəkələrdə falçılıq fəaliyyəti göstərən, müxtəlif vədlərlə insanları cəlb edən şəxslərin sayı artmaqdadır. Bu isə cəmiyyətdə belə fəaliyyətlərin qanunvericilik baxımından məsuliyyət yaradıb-yaratmadığı sualını gündəmə gətirir. Bəs görəsən, sosial platformalarda falçılıqla məşğul olmaq və bunu reklam etmək hüquqi məsuliyyətə səbəb ola bilərmi?

Hüquqşünas Fidan Axundova Metbuat.az-a açıqlamasında bildirib ki, falçılıq fəaliyyəti qanunvericilikdə ayrıca tərkib kimi nəzərdə tutulmayıb. Lakin belə fəaliyyət konkret hallardan asılı olaraq aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakının ələ keçirilməsi və ya əmlak hüquqlarının əldə edilməsi ilə müşayiət olunarsa, hüquqi məsuliyyət yarada bilər:

“Belə ki, əməl nəticəsində ələ keçirilmiş məbləğ 500 manatadək olduqda, bu hərəkət xırda talama kimi qiymətləndirilərək İnzibati Xətalar Məcəlləsi-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur. Əgər ələ keçirilmiş məbləğ 500 manatdan artıqdırsa və əməl aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakının ələ keçirilməsini və ya əmlak hüquqlarının əldə edilməsini əhatə edirsə, bu halda əməl dələduzluq kimi tövsif edilir və Cinayət Məcəlləsi-nin 178-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradır”.

F.Axundova qeyd edib ki, falçılıq fəaliyyəti özlüyündə ayrıca hüquqpozma tərkibi təşkil etməsə də, onun icrası zamanı şəxsin hərəkətlərində dələduzluq əlamətləri mövcud olduqda, əməlin nəticəsindən və vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və ya cinayət məsuliyyəti tətbiq edilə bilər.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button