Dərslər sentyabrın 1-dən başlasın! – Ekspertlər DANIŞDI
Ölkə Prezidentinin “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” 21 avqust 2004-cü il tarixli 114 nömrəli Fərmanı ilə 15 sentyabr “Bilik günü” elan edilib və Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyənləşib.
Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatmalıdır.
Bu qərar 2014-2015-ci dərs ili başlandıqdan sonra qəbul olunduğundan, həmin dəyişiklik 2015-2016-cı dərs ilindən etibarən respublikanın ümumtəhsil məktəblərində tətbiq edilib. Bununla da dərs ili ərzində tədris həftələrinin sayı artırılaraq, orta hesabla 32,8-dən 34,8 həftəyə çatdırılıb.
Bu qərarlardan öncə isə dərslər sentyabrın 1-də başlayıb, mayın 31-də yekunlaşırdı.
KONKRET.az mövzu ilə bağlı təhsil ekspertləri arasında sorğu keçirib. Təhsil ekspertlərinin bir qismi tədris ilinin sentyabrın 1-də başlamasını məqsədəuyğun hesab etsə də, bir qismi bunun o qədər də böyük əhəmiyyət kəsb edəcəyini düşünmür.
Təhsil eksperti Elçin Murad hesab edir ki, dərslərin sentyabrın 1-i başlayıb, mayın 31-də yekunlaşdığı zamanda uşaqlar dərsdə daha dinamik olurdu:
Elçin Murad, təhsil eksperti
“İndi isə biz iyunun 1-dən 14-ə qədər şagirdlərin dərsə getmədiyini, davamiyyətinin aşağı düşdüyünü görürük. Bu təhsilə mənfi təsir göstərir. DİM proqramı ilə Elm və Təhsil Nazirliyinin proqramı üst-üstə düşmür. DİM ixtisas seçimini elə bir vaxta salır ki, o hardasa sentyabrın 5-i ilə 10-u aralığında yekunlaşır. Ona görə məcbur 15-i başlayırlar ki, kimlər hara qəbul olunsa, qeydiyyatdan keçib 15-də dərslərə rahat başlasın. Dərslərin sentyabrın 1-də başlaması şagirdlərin daha yaxşı dərsə adaptasiya olmasına, valideynin işini planlaşdırmasına, univeristetə hazırlaşanların isə daha çox təkrarlara yer verməsinə kömək edəcək”
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri qeyd edir ki, dünya təhsil sistemində ölkələrin bir standartda getməsinin səbəbi elmi-pedaqoji situasiya daşımasıdır:
“Qərbi və Şərqi Avropanın bir neçə ölkəsində – Fransa, İrlandiya, Polşa, Çexiya, Estoniya, Litva, Macarıstan və Sloveniyada dərslər sentyabrın 1-də başlayır. Amma bəzi Şərqi Avropa ölkələrində isə sentyabrın ilk bazar ertəsi günü başlayır. Dərs ilinin bitmə müddəti isə fərqli tarixlərdə olur. Finlandiyada dərslər avqustun 15-i başlayır, İspaniyada 1 oktyabrda, Almaniyada hər federal torpaqda dərslərin başlama vaxtını özləri müəyyən edir. Buna baxmayaraq, orada da dərslər avqustun sonu, sentyabrın əvvəlləri başlayır. Uzaq Kanadada dərslər sentyabr ayında həftənin çərşənbə günü hansı günə düşürsə, o gün də başlayır. Meksikada avqustun sonunda başlayır. Bunun ümumi pedaqoji bir göstəricisi var”.
Onun sözlərinə görə, Azərbaycan məktəblərində dərslərin sentyabrın 1-i və ya 15-i başlaması ciddi fərq yaratmayacaq.
“Bizdə dərslərin bitmə vaxtı da çox uzun deyil. Elə ölkələr var ki, orada uşaqlara cəmi 1 ay yay tətili düşür. Bu fikirlə razı deyiləm ki, “Son zəng”ə qədər uşaqlar nə edəcəyini bilmir, məktəbə niyə gedir sualı ilə üzləşir. Bizdə dərslərin başlama və bitməsi ilə bağlı çox güclü nostalgiya var. Burada sovet dövrünün də təsiri anlaşılandır. Biz 70 il bu kalendarla hərəkət etmişik. Baxmayaraq ki, neçə ildi bizdə artıq 15 sentyabrda dərslər başlanır, amma 1 sentyabr gələndə insanlarda yenə də həmin nostalgiya olur. Mayın 31-də “Son zəng”in olması ilə arada olan 6 gün belə insanların gözündə qəribə görünürdü. Hamı 25 mayı öz beynində “Son zəng”, məktəbin bitmə günü kimi möhürləmişdi. Biz bu möhürdən çıxa bilmirik”.
Elmin Nurinin fikrincə, Azərbaycan təhsil müəssisələrində tətil müddəti baxımdan xəsislik yoxdur:
“Azərbaycan bir çox ölkələri bu cəhətdən çox qabaqlayır. Məncə, şagirdlərin təhsil prosesi ilə bağlı bu prosedur qalmalıdır”.
Təhsil eksperti Elşən Qafarov isə qeyd edir ki, dərs ili sentyabrın 1-i başlayıb, iyunun 14-ü bitməlidir:
“Ölkədə tədris ilinin müddəti 36 həftəyə çatdırılsın. Sentyabrın 1-dən başlayaraq iyunun 14-ə qədər davam etsin. Sentyabrın 1-dən mayın 31-nə qədər aktiv dərslər dövrü olsun, iyunun 1-dən 14-nə olan dövr isə imtahanlar, summativlər, BSQ-lər, buraxılış imtahanı dövrü olsun. Nəticə etibarilə aktiv dərs olmasın.
Bütün bunları beynəlxalq standartlara uyğunlaşdırmaq lazımdır. Eyni zamanda da məktəblərin tikinti normativlərində dəyişiklik edilsin, məktəblərdə sərinləşdirmə və isitmə sistemi qurulsun. Bizdə isitmə sistemi qış dövrü üçün var (atapleniya, kombi, qazanxana sistemi). Artıq yeni standartlarda görürük ki, məktəblərdə havalandırma sistemi qurulmalıdır. Bu havalandırma sistemi isti havalarda səsinləşdirici funksiya rolunu oynamalıdır”.
Təhsil eksperti Ramin Nurəliyev isə dərs ilinin sentyabrın 1-i başlayıb, mayın 31-də yekun vurulmasının tərəfdarıdır:
“Dərslərin sentyabrın 1-də başlaması daha məqsədəuyğundur. Dərslər nə qədər tez başlasa, buraxılış imtahanı da bir o qədər tez keçirilər. Nəticədə də xarici universitetlərə atestatla qəbul olmaq istəyənlərin işləri asanlaşar. Tədris ili nə qədər uzanırsa, atestatın verilməsi də bir o qədər uzanır. Nəticədə xarici universitetlərdə təhsil almaq istəyən tələbələrə maneə yaradır. Həmçinin tədris ilinin gec bitməsi artan istilər səbəbindən şagirdlərin dərsə marağının, iştirakının azalmasına səbəb olur. Eyni zamanda universitetə qəbul olmaqlar istəyənlər üçün də imtahanlar daha tez keçirilsin”.