DİQQƏT! Uşaqlarımızı zəhərləyib öldürən bu bitki Bakı küçələrindədir – FOTOLAR
Ölkəmizdə daha çox “söyüd gülü” kimi tanınan “oleandr” və ya “zəqqum kolu” adlanan bitkiyə paytaxt Bakı və digər rayonlarımızın küçələrində sıx-sıx rast gəlinir.
Yarpaqları söyüd ağacına bənzəyən bu bitki yaşıllaşdırmada daha geniş istifadə olunur.
Gözəlliyi ilə valeh edən bu bitkinin görünüşünə çox da aldanmamaq lazımdır. Bu bitkinin çiçəklərinə və budaqlarına əl vurmaq çox təhlükəlidir. Xüsusən uşaqları bu güllər olan ərazidən uzaq tutmaq lazımdır. Oleandrın çiçəkləri və budaqları zəhərlidir.
Bəs təhlükəli hesab olunan bitki Azərbaycanda niyə bu qədər geniş istifadə olunur?
BAKU.WS-in əməkdaşı məsələ ilə bağlı ekspert İlkin Şəfiyevlə əlaqə saxlayıb. O, açıqlamasında bildirib ki, bitkinin dekorativ yaşıllaşdırmada geniş istifadəsi küləyə və istiyə davamlı olmasıdır.
“Abşeron yarımadasının iqliminə tam uyğunlaşmış bitkidir. Bundan başqa uzunmüddət çiçəkləməsi onun bəzək bağçılığında istifadəsini önə çəkir. Lakin bitkinin yarpaqlarının şirəsi zəhərlidir. Əgər insan şirəni daxilə qəbul edərsə, zəhərlənmə baş verə bilər. Bundan başqa, çiçəklərinin ətri xəstə insalara pis təsir edə, güclü təsiri olmasa da başağrısı verə bilər. Bitki zəhərli hesab olunur, çünki tərkibində neriolin və kornelin adında alkaloidlər var ki, bunlar da zəhərlidir”, – deyə, o bildirib.
Bəs Bakıda insanarın sıx yaşadığı ərazilərdə zəhərli olendrlar çıxarılaraq yerinə təhlükəsiz gül kolları əkilməsi məsələsi gündəmə gələ bilərmi?
Yaşıllaşma Təsərrüfatı Birliyi BAKU.WS-in bu sualına aydınlıq gətirib. Qurumdan bildirilib ki, “zəqqum gülü” paytaxtın park və digər istirahət guşələrində əkilməyib.
“Bu bitkilər əsasən yol kənarlarında insanlarımızın az olduğu məkanlarda əkilib. O, ki qaldı olendrların zəhərli olmasına. Biz bu barədə fikir bildirə bilmərik. Bu Botanika İnstitutunun səlahiyyəti çərçivəsində olan bir məsələdir. Bizim qurum olendrın əkilməsi və onların suvarılması işini həyata keçirir”, – deyə qurumdan bildirilib.
Hətta oleandırn zəhərli olması barədə məşhur bir rəvayət də mövcuddur. Nəql edilir ki, Makedoniyalı İsgəndər Hindistana yürüşü zamanı ordusunun əsgərləri bir ərazidə gecələyirlər. Əsgərlər oleandrın budaqlarını sındıraraq şiş düzəldib kabab çəkib yeyirlər. Oleandrın budaqlarından hazırlanmış şişə şəkilən kababı yeyib yatan əsgərlər səhər kütləvi şəkildə zəhərlənərək ölüblər.
AMEA-nın Botanika İnstitunun direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva isə BAKU.WS-ə açıqlamasında bildirdi ki, olendrın xüsusi ilə insanların sıx yaşadığı ərazilərdə əkilməsi təhlükəlidir.
“Bu bitkiləri geniş şəkildə gözəl görünüşünə görə əkirlər. Onu şəhərdən kənar yerlərdə, insanların az hərəkət etdiyi yollarda istifadə etmək olar. Hətta mən bu yaxınlarda Mərkəzi Nəbatət Bağının girəcəyində bu güldən əkmişdilər. Mən oranın işçilərinə dərhal iradımı bildirdim”
Həmçinin direktor qeyd etdi ki, oleandrı Azərbaycana xas və zəhərsiz bitkilərlə əvəzləmək mümkündür:
“Ətrafı gözəlləşdirmək üçün kol rozalardan, onların sarmaşan növlərindən istifadə etmək olar. Böyük bitkilərdən isə həmişəyaşıl ağaclar çoxdur, onlardan istifadə etmək olar. Oleandrın parklarda, bağlarda və xüsusilə körpə uşaqların oynadığı yerlərdə əkilməsi qəti qadağan olmalıdır.”
Sonda ümid edirik ki, aidiyyəti şəxslər zəhərli olduğu deyilən olendr gülləri ilə bağlı geniş açıqlama verəcəklər. Bu güllər həqiqətən öldürücüdürsə onda həmin bitkiləri yol kənarından çıxaracaqlar. Yox əgər təhlükəsizdirsə bu haqda geniş, müfəssəl açıqlama veriləcək. İnsanlarımız da bundan sonra rahat şəkildə uşaqlarının əllərindən tutub parklarda istirahət edib əylənə biləcəklər.