Paytaxtda “SAQQAL REYDİ”: Polis bölməsinə aparıb qırxdılar
Özbəkistanın paytaxtı Daşkənddə hüquq-mühafizə orqanları saqqallı kişilərin müəyyən edilməsi istiqamətində reyd keçirib.
Lent.az Özbəkistan KİV-ə istinadən xəbər verir ki, Saqqallı kişilər kütləvi şəkildə ictimai yerlərdə saxlanılıblar. Onlar polis bölməsinə gətirilərək saqqallarını qırmağa məcbur ediliblər.
Reyd Daşkəndin bir neçə rayonunda həyata keçirilib. Tanınmış özbək bloger Abdurahmon Abdurahmonov sosial şəbəkədə saqqalı qırxıldıqdan sonra çəkdirdiyi fotosunu paylaşıb:
“Gördüyünüz kimi, saqqalım qırxılıb. Xahiş edirəm nə baş verdiyini, niyə qırxdığımı soruşmayın. Cavab vermək mənim üçün çətindir. Ancaq ümid edirəm ki, bunu görən və bilən insanlar özləri başa düşəcəklər”.
Digər sosial şəbəkə istifadəçiləri də “təraşdan əvvəl”, “təraşdan sonra” başlığı altında fotolar paylaşıblar. Yerli sakin Məhəmmədyusuf ibn Kobil yazıb ki, polis onu küçədə saxlayıb şöbəyə gətirib. Orada onunla birlikdə daha on nəfərə yaxın saqqallı olub:
“Bizə dedilər ki, saqqallarınızı qırxmalıyıq, əks halda çölə çıxa bilməyəcəksiniz. Qanunda belə bir şey olmadığı üçün imtina etdik. Polislər isə cavabında, belə bir əmr aldıqlarını bildirdilər”.
Məhəmmədyusufin sözlərinə görə, saxlanılan şəxslər daxili işlər orqanı əməkdaşının qanuni tələblərinə tabe olmama maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməklə hədələnib. Bundan əlavə, onlara bu şəkildə işələməyin mümkün olmayacağı barədə xəbərdarlıq edilib. Ondan sonra təraş olunmağa razılaş vermək məcburiyyətində qalıblar.
Özbəkistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Şoxrux Qiyasov mətbuata açıqlamasında sözügedən əməliyyat-profilaktik tədbirlərin dini inanclarla əlaqələndirilməsinin düzgün olmadığını bildirib. O qeyd edib ki, əgər vətəndaş konstitusion hüquqlarının pozulduğunu hesab edirsə, müəyyən edilmiş qaydada şikayət verə bilər.