Bakıda mühafizəçinin başına daş vu’rub öldürdülər – 2 il bağlı qalan cinayətin TƏFƏRRÜATLARI
2020-ci il oktyabrın 11-də Hövsan yaşayış kompleksinin mühafizəçisi Rüstəm Bayramovun meyiti yol kənarında tapılır. Bu barədə polisə məlumat daxil olan kimi dərhal əraziyə əməliyyat qrupu yollanır. Hadisə yerinə baxış keçirilərkən mərhumun baş nahiyyəsində və bədən səthində xəsarət izləri aşkar edilir.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanır.
İlkin istintaq-əməliyyat tədbilrərinə baxmayaraq, ağır cinayət 2 il bağlı qalır. Suraxanı rayon prokurorluğunda cinayət işinin icraatı dayandırılır.
Hadisədən 2 il sonra, 2022-ci il iyulunda Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, məlum cinayətin üstünün açıldığını bildirir. Qətli törətməkdə şübhəli bilinən 3 nəfərin – Radiq Feyziyev, Tahir Ələkbərov və Rəşad Kərimov barəsində isə həbs qətimkan tədbiri seçilir.
Suraxanı rayon prokurorluğunda icraatı dayandırılmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılır.
Lent.az həmin cinayət işinin istintaq materiallarını əldə edib
İstintaqla müəyyən edilib ki, 2020-ci il oktyabrın 7-də Rüstəm Bayramov Radiq Feyziyevdən psixotrop maddə alıb, 100 manat pulu növbəti gün ödəyəcəyinə söz versə də, bunu etməyib. Buna görə, Radiq Feyziyev Rüstəm Bayramovdan pulu almaq, vermədiyi halda isə onu döyüb, cəzalandırmaq qərarına gəlib.
Ayın 10-u saat 22 radələrində kirayə qaldığı evdə Rəşad Kərimov, Tahir Ələkbərov və Rüstəm Bayramovla görüşərkən o, sonuncudan pulunu tələb edib. R.Bayramov yaxın zamanda borcunu qaytaracağını bildirsə də, Radiq Feyziyev ona pulu dərhal qaytarmalı olduğunu bildirib. Mübahisənin yarandığını, qarşı tərəfin say etibarı ilə daha üstün olduğunu görən Rüstəm Bayramov gözətçi iş yerindən icazə alıb gəldiyini, təcili geri qayıtmalı olduğunu bəhanə edərək, evdən çıxıb. Rüstəmin pulu qaytarmaq niyyətində olmadığını görən Radiq Feyziyev tanışları ilə birlikdə onun arxasınca gedərək, evindən təxminən 450 metr məsafədə, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 8 ünvanında Rüstəm Bayramova çatıb və onu saxlayıblar. Ona yumruq və təpiklə zərbələr endiriblər. Əvvəl Radiq Feyziyev sağ əlinin ovuc hissəsində saxladığı daş parçası ilə Rüstəm Bayramovun baş nahiyəsinə var gücü ilə zərbə vurub. Müvazinətini itirib, yerə yıxılandan sonra Tahir Ələkbərov da digər daş parçası ilə onun başına 2 dəfə zərbə endirib. Vahid niyyətlərini başa çatdırmaq məqsədi ilə ayaqları ilə baş nahiyyəsinə, üzünə və bədəninə çoxsaylı ağır dərəcəli xəsarətlər yetiriblər. Nəticədə Rüstəm Bayramov ölüb.
Bundan başqa, məlum olub ki, Radiq Feyziyev 2020-ci ilin yay aylarında tanış olub, qeyri-rəsmi yaşadığı Xuraman Abdullayevanı və onun daun sindromlu övladı, autizm xəstəliyindən əzab çəkən 2010-cu il təvəllüdlü Alişan Abdullayevi Hövsan qəsəbəsinin Məktəbli küçəsində, kirayə tutduğu evə gətirib. Birlikdə bir müddət yaşadıqdan sonra ailədaxili narazılıq zəminində həmin ilin oktyabr ayında qadını və azyaşlı oğlunu sərbəst hərəkət etməklə, qanunsuz azadlıqdan məhrum edib. Belə ki o, evin giriş qapısını açarla çöl tərəfdən bağlayaraq evdən gedib.
2022-ci il mayın 27-də Suraxanı RPİ Cinayət-Axtarış şöbəsinin əməkdaşları tərəfindən Radiq Feyziyev Hövsan qəsəbəsində, Bağlar massivində yaşadığı evin yaxınlığında saxlanılaraq, idarəyə gətirilib. Şəxsi axtarış zamanı üzərindən ayrı-ayrı bükümlərdə ümumilikdə 3 qramdan artıq heroin götürülüb.
İş üzrə dindirilmiş Radiq Feyziyev törətdiyi cinayət əməlini etiraf edib. Onun sözlərinə görə, oktyabrın 10-da axşam Rüstəm Bayramovdan növbəti dəfə borcunu qaytarmasını tələb edib. Sonuncu pulu olmadığını bildirib. Bu zəmində aralarında mübahisə yaranıb. Sonra ünvanına işlədilən nalayiq ifadələrdən qəzəblənərək, küçədə Rüstəm Bayramova xəsarətlər yetirib. Tanışları Tahir və Rəşad onunla birlikdə zərərçəkmişə zərbələr vurublar.
Məhkəmə iclasında Radiq Feyziyev ittiham üzrə özünü təqsirli bilməyərək, göstərib ki, Tahir Ələkbərov da onun kimi Hövsanda kirayədə yaşayıb. Rüstəm Bayramovu heç vaxt görməyib. Mayın 2-də Astaradan Bakıya qayıdandan sonra qardaşı və əmisi oğlu deyiblər ki, onu 30-cu şöbənin əməkdaşları axtarırlar. Könüllü ora gedib. Şöbədə əməkdaşlar sorğu-sual edib ona şəkillər göstəriblər, o da orda gördüyü adamları tanımadığını bildirib. Sonra onu buraxıblar. Mayın 27-də Suraxanı RPİ-nin əməkdaşları onu idarəyə gətiriblər, orda cibinə narkotik vasitə qoyublar. Sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Təzyiqlərə məruz qaldığından, məcburiyyət qarşısında qalıb tanışı Tahirin adını söyləyib.
Rəşad Kərimov ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, Rüstəm tez-tez Radiqin yaşadığı evə gedib-gəlib, aralarında pula görə ədavətləri olub. Tahirlə 2015-ci ildə tanış olub. Dəfələrlə birlikdə Radiqdən narkotik vasitə alıblar. 2020-ci ilin oktyabr ayında, Rüstəm Radiqdən nisyə 100 manatlıq narkotik maddə alıb, lakin pulunu verməyib. Buna görə, Radiq ara küçədə onu döyməyə başlayıb, başına daşla zərbələr endirib. Onunla Tahir də yerə yıxılan Rüstəmə ayağları ilə zərbələr vurublar. Rüstəmin başından qan axıb, onu küçədə qoyub, hadisə yerindən uzaqlaşıblar. Bundan 2 gün sonra Hövsan sakinlərindən Rüstəmin öldüyünü eşidib.
Tahir Ələkbərov ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, Radiq Feyziyevi Rəşad Kərimovun vasitəsi ilə tanıyıb. Əvvəllər avtobus sürücüsü işləyib, sonra fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olub. Rüstəm Bayramovu tanımayıb. 2020-ci ildə hadisə baş verən zaman Astara rayonunda olub. Rayondan qayıdandan sonra 33-cü bölmədə, rəis müavinin otağında sorğu-sual edilib. Radiq Feyziyevi görüb-görmədiyini soruşublar, guya həmin şəxsin onun maşınına mindiyini deyiblər. Cavab olaraq, taksi sürücüsü olduğundan istənilən vətəndaşın onun avtomobilinə əyləşməsinin mümkün olduğunu bildirib. Telefonunda Radiqin nömrəsini tapa bilmədikdən sonra onu sərbəst buraxıblar. 2022-ci il martın 18-də narkotik vasitə istifadəçisi kimi həbs olunub. İyul ayında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılaraq, bir gün təzyiqlərə məruz qalıb. Sonra onu Suraxanı RPİ-nə, ordan da prokurorluğa aparıblar. Hadisə yerində olmadığı üçün istintaq eksperimenti zamanı, ağlına ilk gələn yeri hadisə yeri kimi göstərib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Adil Bayramov ifadəsində göstərib ki, ailəsi ilə birlikdə Xəzər rayonun Türkan qəsəbəsində yaşayır. Oğlu Rüstəm Hövsan qəsəbəsində yerləşən sosial evlərdə əvvəl fəhlə, sonra isə gözətçi kimi çalışıb.
2020-ci il oktyabrın 10-da oğlunu saat 17 radələrində öz maşını ilə iş yerinə aparıb. Saat 21 radələrində Rüstəm iş yoldaşlarının telefonları ilə zəng edib, özünü yaxşı hiss etmədiyini deyərək, gəlib, onu aparmasını xahiş edib.
O da oğluna, karantin rejimi tətbiq olunduğundan Hövsana gələ bilməyəcəyini söyləyib. Növbəti gün polis əməkdaşı zəng edərək Rüstəmin öldüyünü xəbər verib.
Şahid Əli Əliyev bildirib ki, 2017-ci ildən Hövsan Yaşayış Kompleksində təhlükəsizilik şöbəsində işləyir. Rüstəm Bayramov kompleksdə, 5-ci binada işləyib. Onunla hər hansı münasibəti olmayıb, sadəcə postun qabağından keçərkən bir-biri ilə salamlaşıblar. Qrafikə uyğun olaraq oktyabrın 10-u səhər saat 9-da iş yerində olub. Saat 22 radələrində postda, həmin binada yaşayan bir nəfərlə oturub söhbət edən zaman, Rüstəm yaxınlaşaraq onu çölə çağırıb. Rüstəm zəng etmək üçün, ondan telefonunu istəyib. 1 dəqiqədən artıq kiminləsə danışıb. İçkili olduğunu görüb, onu öz postuna kimi aparıb, daha sonra isə öz yerinə qayıdıb. Bundan sonra Rüstəm Bayramovu görməyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərə ağır cəza təyin edilməsini xahiş edib.
Zərərçəkmiş Xuraman Abdullayeva təqsirləndirilən Radiq Feyziyevlə barışmadığını və ondan şikayətçi olduğunu bildirib.
Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı qeyri- səmimi, ziddiyyətli, bir-biri ilə məntiqi əlaqəsi olmayan yalan ifadələr verməklə, məsuliyyətlərini yüngülləşdirməyə çalışıblar.
Məhkəmə nəticəyə gəlib ki, Radiq Feyziyev və Tahir Ələkbərovun əməllərində CM-nin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə), bundan başqa Radiq Feyziyevin əməlində CM-nin 145.2.1-ci (qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə), 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) və Rəşad Kərimovun əməlində CM-nin 221.1-ci (xuliqanlıq) maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri var. Onlar həmin maddələrin sanksiyası həddində təqsirli bilinməli və cəzalandırılmalıdırlar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Radiq Feyziyev 20 il, Tahir Ələkbərov 19 il və Rəşad Kərimov 1 il 8 ay müddətinə azadlıqdan məhrum olunublar.