Masaj etdirdiyi qadını yaraladı – Yenidən 10 illik həbs olundu
9 il 5 aydan sonra azadlığa buraxılan 32 yaşlı Gəncə şəhər sakini Rauf Məmmədov bu dəfə masajist qadının şikayəti ilə uzun müddətə həbsə göndərilib.
“Qafqazinfo”nun məlumatına görə, Rauf Məmmədov bu dəfə masaj etdirdiyi qadına qarşı quldurluq edib.
Məlumat üçün bildirək ki, Rauf 2012-ci ildə elə quldurluğa görə 10 il 6 ay azadlıqdan məhrum edilib. 2021-ci ildə cəzasının 9 il 5 ayını çəkdiyinə görə şərti olaraq azadlığa buraxılıb.
Raufun indiki cinayətinə gəlincə, o bu dəfə internet üzərindən tanış olduğu masajist qadına xəsarət yetirib.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Rauf özü də ifadəsində etiraf edib ki, masaj xidməti ilə məşğul olan Təranənin (ad dəyişdirilib-red) nömrəsini internet saytlarından birindən əldə edib. Bundan sonra onunla danışıb, masaj üçün Təranənin yaşadığı evə gedib. Masaj xidmətinin hər seansı üçün xidməthaqqı kimi 50 manata razılaşıblar.
İşin maraqlı tərəfi odur ki, masaja gələn Raufun üstündə real pul olmayıb. O, üstündə saxladığı 200 manat saxta pulla masajisti aldatmaq istəyib. Hətta birinci cəhdi uğurlu alınıb. O, ilk seansdan sonra Təranəyə saxta 100 manat verib, əvəzində qalıq kimi ondan 50 manat real pul alıb. Bundan sonra o, daha bir 50 manat ələ keçirmək üçün ikinci seans masaj etdirib. Xidməthaqqı kimi digər saxta 100 manatı verib. Lakin Təranə bu dəfə pulun saxta olduğunu başa düşüb.
Bundan sonra o, Raufdan pulunu tələb edib, əks halda polis çağıracağını deyib. Bu vaxt Rauf onun üzərinə hücum çəkib, üstündə gəzdirdiyi bıçağın arxa hissəsi ilə Təranəyə xəsarət yetirib. Bundan sonra onun əlindəki 50 manatı, digər otaqdakı 160 manatı və zərərçəkmişə aid 80 manatlıq telefonu götürərək evdən qaçıb.
Hadisədən bir müddət sonra Rauf polis əməkdaşları tərəfindən tutulub. O, ifadəsində əməlindən peşman olduğunu deyib.
Məhkəmədə masajist ona dəymiş 290 manat zərərin ödənilməsini, Raufa isə layiq olduğu cəzanın verilməsini xahiş edib.
Faiq Qəniyevin sədrlik etdiyi məhkəmə heyətinin hökmü ilə R.Məmmədov quldurluqda və qanunsuz soyuq silah gəzdirməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum olunub.
Rauf ömrünün 10 ilini xüsusi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.