Maraqlı

Prezidentin Münxen səfərinin nəticələri – ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün birinci xanım Mehriban Əliyeva ilə birlikdə fevralın 13-də sayca 62-ci Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Münhen şəhərində səfərdə olub. Bəs Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin keçirdiyi görüşlər və verdiyi müsahibələr Azərbaycanın regional sülh gündəliyinə hansı konkret siyasi və diplomatik dividendləri qazandıra bilər?

Millət vəkili Elman Nəsirov Metbuat.az-a açıqlamasında bildirib ki, 1963-cü ildən keçirilən Münxen Təhlükəsizlik Konfransına dünyanın siyasi və hərbi elitası toplanır. Bu konfranslarda perspektiv üçün dünyanın təhlükəsizlik məsələləri ətrafında ciddi müzakirələr gedir və səslənən fikirlər gələcək təhlükəsizlik arxitekturasının formalaşmasında çox mühüm elementlər rolunu oynayır:

“Azərbaycan Prezidenti cənab İlham Əliyev səfəri çərçivəsində əvvəlcə çoxsaylı ikitərəfli görüşlər keçirdi. Bundan savayı həm yerli televiziya kanallarına, eyni zamanda Fransanın “France 24” televiziya kanalına müsahibə verdi. Bu görüşlərin içərisində xüsusilə qeyd etmək istərdim ki, cənab Prezident fevral ayının 13-də İraq Kürdüstan regionunun başçısı ilə görüşdü. Elə həmin gün Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüş keçirdi. Cənab Prezidentin ABŞ-ın məşhur “Oracle” korporasiyasının baş icraçı direktoru ilə də görüşü keçirildi. Ayın 14-dən başlayaraq Münxendə cənab Prezidentin Bundestaqın Xarici Siyasət Komitəsinin sədri, Bolqarıstan Prezidenti, habelə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı ilə görüşü keçirildi. Cənab Prezident eyni zamanda Münxendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə ikitərəfli danışıqlar apardı. Bütün bu danışıqlarda Azərbaycanın regional və qlobal təhlükəsizliyə verdiyi töhfə, ikitərəfli münasibətlər, onların perspektivləri, Azərbaycan iqtisadi potensialı və biznes baxımından cəlbediciliyi ətrafında geniş fikir mübadiləsi oldu”.

E.Nəsirov qeyd edib ki, cənab Prezidentin yerli televiziya kanallarına müsahibəsində ilk növbədə Ermənistan-Azərbaycan sülh prosesi, bu istiqamətdə atılmış addımlar, əldə edilmiş nəticələr, iki dövlət və xalq arasında etimad mühitinin formalaşması yolunda görülmüş işlər ətrafında fikir mübadiləsi aparıldı. Həmçinin Azərbaycanın bu konfransa sülh, təhlükəsizlik, əməkdaşlıq və tərəfdaşlıq mesajları verdiyi fikri öz əksini tapdı:

“Bir əminlik ifadə edildi ki, 2026-cı ildə sülh müqaviləsinin imzalanması üçün unikal imkanlar var. Vaşinqtonda 8 avqust tarixli razılaşmalar mövcuddur və inanırıq ki, yeganə problem Ermənistanın ərazi iddiaları ilə bağlı məsələdir, bu məsələ də öz həllini tapacaq və nəhayət regiona uzunmüddətli və dayanıqlı sülh gələcəkdir. Cənab Prezident “France 24” televiziyasına müsahibəsində də həm sülh prosesi, həm də Azərbaycanın dəhlizlər nöqteyi-nəzərindən oynadığı rol ətrafında ciddi fikir mübadiləsi oldu. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan enerji dəhlizləri ilə məşhur idi, indi isə həm nəqliyyat, həm də fiber-optik dəhlizləri həyata keçirən bir ölkədir. Azərbaycanın bu gün ixrac potensialı yaşıl enerji baxımından 2 geqavatdırsa, 2032-ci ilə qədər əlavə 8 geqavat elektrik enerjisi istehsal etmək niyyətimiz var və bu istiqamətdə ciddi addımlar atılır. Cənab Prezident Fransa televiziyasına müsahibəsində Azərbaycanın sülh prosesinə atdığı addımlar və onların uğurlu nəticələri ilə bağlı fikir mübadiləsi apardı, Ermənistan-Azərbaycan arasında etimad mühitinin formalaşması istiqamətində görülən işlərə bir daha qiymət verdi. Həmin müsahibədə Azərbaycan-Fransa münasibətlərinə də toxundu və qeyd etdi ki, ikitərəfli münasibətlər enişli-yoxuşlu yol keçmişdir. Münasibətlərimiz Sarkozi və Olland dövründə çox yaxşı olub, onların Bakıya səfərləri, Azərbaycan Prezidentinin Fransaya səfərləri olub, hətta Emmanuel Makron zamanında da bu səfərlər baş tutub. Lakin müharibə öncəsi, müharibə dövründə və müharibədən sonrakı mərhələdə rəsmi Parisin siyasəti anti-Azərbaycan olub, Ermənistana dəstək siyasəti olub. İş o yerə çatıb ki, hətta Dağlıq Qarabağda qondarma rejim yaradan Ermənistan belə onun dırnaqarası müstəqilliyini tanımamışdı, lakin Fransa parlamenti belə bir addım atıb, yəni “ermənidən çox erməni” olub”.

Deputatın sözlərinə görə, biz istəyərdik ki, münasibətlərimiz yenə əvvəlki səviyyəyə çatsın, çünki artıq Ermənistan və Azərbaycan arasında sülh prosesi geridönməz hal alıb. Ortada Vaşinqton razılaşmaları var və Zəngəzur dəhlizi, yəni trans-marşrutun işləməsi ilə bağlı ciddi proseslər gedir:

“Yeni şəraitdə Fransa-Azərbaycan münasibətlərinin əvvəlki normal vəziyyətə qayıdacağına böyük ümidlər var. Xüsusilə Kopenhagendə Azərbaycan və Fransa prezidentlərinin səmimi görüşü inam yaradır ki, aramızdakı ziddiyyətlərin aradan qaldırılması hər iki tərəfin maraqlarına xidmət edir. Cənab Prezident bu səfər çərçivəsində bir sıra digər görüşlər də keçirdi. Xüsusilə qeyd etmək istərdim ki, səfər çərçivəsində dəhlizlərlə bağlı panel keçirildi və Azərbaycan Prezidenti də həmin paneldə iştirak etdi. Azərbaycanın Zəngəzur dəhlizinin TRİPP layihəsinin reallaşmasında son dərəcə maraqlı olduğunu bildirdi və qeyd etdi ki, bu layihə Orta dəhlizin mühüm komponenti olacaq. Nəticədə Çindən gələn mallar Mərkəzi Asiya, oradan Xəzər dənizi ilə Azərbaycana, Azərbaycandan Gürcüstana, sonra Ermənistana, Naxçıvandan keçməklə Türkiyəyə, Türkiyədən Avropaya çatdırılacaq. Eyni zamanda vurğuladı ki, Çindən gələn malların Qırğızıstana, Qırğızıstandan Özbəkistana, sonra Türkmənistana, oradan Azərbaycana və eyni xətt üzrə Zəngəzur dəhlizi ilə Avropaya çatdırılması istiqamətində də növbəti yolun çəkilişi həyata keçirilir. Bu isə Azərbaycanın son dərəcə ciddi tranzit və nəqliyyat dəhlizi ölkəsi olduğunu göstərir. Perspektivdə fiber-optik layihələrin reallaşdırılması istiqamətində də ciddi addımların atılması planlaşdırılır”.

E.Nəsirov bir daha qeyd edib ki, cənab Prezidentin Münxen Təhlükəsizlik Konfransında iştirakı həm ölkəmizin malik olduğu potensialın nümayişi, həm Azərbaycanın xarici investisiyaların cəlb edilməsi baxımından imkanlarının göstərilməsi, həm də Azərbaycanın həqiqətlərinin dünyaya çatdırılması, xüsusilə də dəhlizlər məsələsində mövqeyinin beynəlxalq ictimaiyyətə təqdim olunması prizmasından olduqca əhəmiyyətli olub.

Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamə və Münxendə səsləndirilən mesajlar fonunda Azərbaycan–Ermənistan münasibətlərinin normallaşma prosesində əsas hüquqi və siyasi maneələr hansılardır?

Millət vəkili Elçin Mirzəbəyli isə öz cavabında bildirib ki, Vaşinqtonda paraflanan sülh müqaviləsi və imzalanmış üçtərəfli bəyannamə bölgədə sülhün davamlı olmasına təminat verəcək faktor kimi dəyərləndirilməlidir:

“Burada yekun sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilər ki, Azərbaycanın ilk gündən yekun sülh müqaviləsi ilə bağlı mövqeyi aydındır. Cənab Prezident də Münhen Təhlükəsizlik Konfransında bütün bu məqamlara ətraflı şəkildə aydınlıq gətirdi. Yəni prinsip etibarilə, əgər bir dövlətin Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadən başqa bir dövlətə qarşı ərazi iddiaları irəli sürülürsə və davam etdirilirsə, nəticə etibarilə bu, hər hansı bir formada sülh müqaviləsinin imzalanmasına imkan vermir. Əslində, Ermənistanın Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadən yer alan bu iddialar güclə təhdid faktorunu ortaya qoyur ki, bu da BMT nizamnaməsinin əsas prinsiplərinin pozulması deməkdir”.

Millət vəkilinin fikrincə, Ermənistanda konstitusiya islahatları təkcə Azərbaycanla bağlı ərazi iddialarının oradan çıxarılmasını təmin etməyəcək, eyni zamanda Ermənistan Konstitusiyasının beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən BMT nizamnaməsinə uyğunlaşmasını təmin edəcək:

“Bu baxımdan, prinsipial olaraq ölkənin mövqeyi ortalıqdadır. Həmin iddialar qaldığı halda Azərbaycanın Ermənistanla yekun sülh müqaviləsi imzalaması paradoksal olardı. Bu mövqe, qənaətimə görə, Azərbaycan Respublikasının tərəfdaşları tərəfindən də qəbul olunur, çünki kifayət qədər əsaslandırılmış, arqumentli və reallığı əks etdirən bir mövqedir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button