Ramazan ayında necə qidalanmalı? – Diyetoloq məsləhəti

Ramazan ayında oruc tutan insanlar üçün düzgün qidalanma həm sağlamlığı qorumaq, həm də gün ərzində enerjili qalmaq baxımından çox vacibdir. Seçilən qidalar həzm sistemini yormamalı, orqanizmi susuz qoymamalı və bədəni lazımi vitamin-minerallarla təmin etməlidir. Bəs Ramazan ayında oruc tutan şəxslər düzgün və balanslı qidalanmanı necə təşkil etməlidirlər? İftar və imsak zamanı menyuya hansı qidaların daxil edilməsi həzm sisteminə mənfi təsir göstərməz və gün ərzində enerjinin qorunmasına kömək edər?
Diyetoloq Günay Həsənova Metbuat.az-a açıqlamasında bildirib ki, insanı ən tox saxlayan məhsul xurmadır:
“Xurma çərəzlər arasında çox maraqlı tərkibə malikdir, o, həm ətin, həm suyun, həm də orqanizm üçün ideal mineral və vitaminlərin bir qismini əvəz edə bilir. Yəni imsak zamanı başqa heç nə yeyə bilməsələr belə, ən azı iki-üç xurma yesələr, iftara qədər rahat tox qala bilərlər. İmsak qidalanmasında ən çox yulaf, kinoa, gecədən isladılmış çia toxumu, süd məhsulları, kəsmik, az faizli smetan, xama və yumurta tövsiyə olunur”.
G.Həsənova tövsiyə edib ki, meyvə olaraq avokado ilə qidalanma orqanizmdə yağ balansını tənzimləyə bilər:
“İftarda isə gün ərzində sərf etdiyimiz enerjini bərpa etmək üçün mütləq omeqa lazımdır. Bu səbəbdən balıq həm tez həzm olunan ət məhsuludur, həm də orqanizm üçün omeqa mənbəyidir. Ramazan boyu ət məhsulları arasında ən tez həzm olunanlar balıq və toyuqdur, bunlara üstünlük vermək daha yaxşı olar. Digər ət məhsullarını isə iftarı açdıqdan azı bir saat sonra yemək məsləhət görülür. İnsan uzun müddət ac qaldıqdan sonra düşünür ki, çox yesə rahatlaşacaq, amma bu belə deyil. Qidaya az kalorili yeməklərlə başlamaq lazımdır. Xüsusilə salatlar və tərəvəzli yeməklərdən istifadə etmək məsləhətdir. Mədə uzun müddət ac qaldığı üçün şorbalardan istifadə etmək faydalıdır. Şorbaları çörəksiz yemək tövsiyə olunur. İftarı açdıqdan sonra isə tədricən, mərhələ-mərhələ quru yeməklərə keçmək olar. Çox yağlı qidalardan uzaq durmaq lazımdır. Çünki bu zaman təzyiq arta və ürəkbulanma yarana bilər. Mədə uzun müddət ac qaldığı üçün onu qəfil yükləmək olmaz və porsiyaları həddindən artıq böyütmək düzgün deyil”.
Diyetoloq qeyd edib ki, oruc tutan insanlar ən çox su balansını qorumalıdırlar:
“İftardan imsaka qədər təxminən bir yarımdan iki litrə qədər su qəbul etməlidirlər. Amma su qəbulu hər insanın çəki dərəcəsindən asılıdır. Həmçinin üç-dörd stəkan çay, yaxud bir stəkan süd də içə bilərlər”.
Sevinc İbrahimzadə / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



