Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün görün nə etdi- CİNAYƏT İŞİ -TƏFƏRRÜAT
Bakının Yasamal rayonunda 1984-cü il təvəllüdlü Loğman qısqanclıq zəminində yaranan mübahisə zamanı tanışı Floranı (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
Loğman rəsmi nikahla əri və uşaqları ilə birlikdə yaşayan, həmçinin müxtəlif vaxtlarda onunla da sevgi münasibətləri saxlayan Flora ilə bir müddət qeyri-rəsmi ər-arvad münasibətlərində olub.
Daha sonra Floranın onunla münasibətlərdən və faktiki nikahdan imtina etməməsi səbəbi ilə qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. Niyyətini həyata keçirmək məqsədilə 24 avqust 2023-cü ildə saat 17 radələrində Floranın yaşadığı ünvana gəlib. Özü ilə götürdüyü polietilen materialdan olan energetik içki qabındakı benzini Floranın baş nahiyəsinə töküb, əlindəki alışqanla yandırmaq istəyərkən ərazidə olan şəxslərin və polis əməkdaşlarının gəldiyini görüb. Loğman qaçaraq hadisə yerindən uzaqlaşıb.
Bundan sonra mənzildən mətbəx bıçağını götürüb və üzərində gəzdirməklə Flora ilə görüşməsi üçün fürsət axtarıb. Bir neçə dəfə telefonla danışdıqdan sonra onun hadisə baş verən ünvana gələcəyini bilib.
Avqustun 29-da saat 12:25-də sərxoş halda Yasamal rayonu Şərifzadə-162 ünvanın qarşısına, metronun “İnşaatçılar” stansiyasının həmin ünvan tərəfdən çıxışına gəlib. Flora ilə görüşüb, bir qədər söhbət edib.
Söhbət zamanı Loğman Floraya onunla birlikdə yaşamaq və ailə qurmaq təkliflərinə rədd cavabı aldıqdan sonra onu öldürmək qərarını qətiləşdirib. Bıçaqla qadının bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. O, yetirdiyi xəsarətlərdən Floranın öləcəyini yəqin edib və hadisə yerindən uzaqlaşıb.
Ətrafda olan insanların köməyi ilə Flora təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən Akademik Mirqasımov adına Respublika Klinik xəstəxanasına çatdırılıb. İxtisaslı tibbi yardım göstərilməsi nəticəsində onun həyatı xilas edilib.
İstintaq orqanı tərəfindən Loğmanın barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Loğman ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Xutor qəsəbəsində müxtəlif ünvanlarda kirayə yaşayıb:
“2023-cü ilin yanvar ayında kirayə yaşadığım evi təmizlətdirmək üçün internetdə elan saytlarından biri vasitəsilə xadimə kimi çağırdığım Flora ilə tanış oldum. Bir müddət telefon vasitəsi ilə yazışdıq. İlk dəfə martın 8-də Yasamal rayonu ərazisində “Jasmin” parkda görüşdük. Bir az söhbət etdik və onu evinə yola saldım. Həmin görüş zamanı Flora mənə ailəli və üç övladı olduğunu dedi.
Guya əri ilə münasibətinin olmadığını, bir-birilərini sevmədiklərini, başqası ilə ailə həyatı qurmaq üçün boşanmaq istədiyini bildirdi. Ona görə telefonla yazışmağa davam etdik”.
Loğmanın sözlərinə görə, martın 19-da Novruz bayramı ilə əlaqədar Floranın evinə 260 manatlıq bazarlıq göndərib, kart hesabına 100 manat pul atıb: “Artıq Flora ilə bağlı fikrim qətiləşdi. Onu sevir və onsuz yaşamaq istəmirdim. Aprelin 1-də Floranı Zirə qəsəbəsində kirayə tutduğum evə apardım. Təxminən iki ay 10 gün birlikdə ər-arvad kimi yaşadıqdan sonra Flora guya Fəhmin adlı balaca oğlunu gətirmək üçün evinə gedərək qayıdacağını dedi. Gecəyə kimi gözləsəm də gəlmədi.
Floranın məni aldatdığını, geri dönməyəcəyini anladım. Telefonda onunla danışdım. Söhbət zamanı Bakıda yaşamaq istəmədiyini deyərək rayona getməyi təklif etdikdə razılaşdım. Flora ilə oğlu Fəhmini ata-baba yurdum olan Cəlilabad rayonunun kəndindəki dayımgilin evinə apardım.
Flora ərinə mesaj yazaraq daha geri dönməyəcəyini dedi. Kənddə axşama kimi qaldıq. Amma Flora oranı bəyənmədi, Bakıya qayıtmaq istədiyini dedi. Onu Bakıya əri Şirvanın yanına gətirdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Flora ərinin yanına qayıtmasına baxmayaraq, ev tutmasını istəyib və gəlib onunla yaşayacağını deyib: “Mən də kirayə ev tutdum. İşləyib pul qazanaraq ərzaq aldım ki, evdə yeyib-içmək olsun. Flora gəlib evə baxdı, lakin yenə də bəyənməyib əri Şirvanın yanına qayıtdı.
Bütün baş verənlərdən Floranın məni aldatdığını, hissiyatımla oynadığını, məndən istifadə etməklə ailəsini dolandırdığını anladım. Birtərəfli sevgi yaşamaq istəmədiyimi, belə yaşamaqdansa ondan ayrılacağımı dedim. Flora isə ayrılmaqdansa onu öldürməyimi istədi”.
Təqsirləndirilən şəxs bildirib ki, sonuncu dəfə bu məzmunda danışıqları avqustun 24-də baş verib: “Floranın Xətai Rayon İcra Hakimiyyətinin binasının yaxınlığında işlədiyini bildim. İş yerinə gedib onunla görüşdüm. Yenə məndən onu öldürməyimi istədi, uşaqları bir tərəfdə, özü o biri tərəfdə yaşamqadansa ölməyin yaxşı olduğunu dedi.
Bir-iki gün sonra yenindən “Azərsu” ASC-nin yaxınlığında görüşdük. Söhbət zamanı məndən möhlət istədi və yanıma qayıdacağına dair söz verdi.
Floraya inandım, onunla yenə görüşdükdə arxayın olmağımı, xəyanət etmədiyini dedi. Mən də bir daha xəbərdarlıq etdim, əgər əri ilə cinsi əlaqədə olduğunu bilsəm, ikimizi də yandırıb öldürəcəyimi dedim. Müddət uzandığı üçün anladım ki, Flora məni aldadır”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, avqustun 29-a keçən gecə səhərə kimi yatmayıb: “Bir neçə şüşə pivə və bir neçə spirtli energetik içki içib Flora ilə telefonda danışdım. Səhər saatlarında konkret olaraq mənimlə yaşaya bilməyəcəyini, anasının buna icazə vermədiyini dedi. Onunla metronun “İnşaatçılar” stansiyasının yanında görüş təyin etdik.
İçkili olduğum üçün kirayə yaşadığım Xutor qəsəbəsindəki evdən mətbəx bıçağını özümlə götürdüm. Məqsədim Floranı qorxutmaq idi. Saat 11-12 radələrində metronun “İnşaatçılar” stansiyasının yaxınlığında görüşdük. O, bir daha çıxılmaza düşdüyünü, uşaqlarının, özünün və mənim – hərəmizin bir tərəfdə qaldığımızı söylədi, mənə qayıtmayacağımı bildirdi. Bu sözlərdən özümü itirdim.
Floranı qorxutmaq məqsədi ilə üstümdə gəzdirdiyim mətbəx bıçağını çıxararaq onun qarın və kürək nahiyəsinə dörd zərbə vurdum. Ancaq onu öldürmək fikrim yox idi. Sadəcə qorxutmaq istəyirdim. Bıçaqla xəsarət yetirdikdən sonra dərhal oradan qaçaraq uzaqlaşdım.
Bizi kimsə ayırmadı, heç kəs müdaxilə etmədi. Sonradan qıraqda özümə bıçaqla xəsarət yetirmək istədikdə polis əməkdaşları və ətrafdakı şəxslər məni tutaraq bıçağı götürdülər. Yalnız sol qoluma bıçaqla xəsarət yetirdim. Özümə xəsarət yetirməkdə məqsədim əsəbimi soyutmaq idi”.
İş üzrə zərərçəkmiş Floranın sözlərinə görə, müxtəlif ev və idarələrdə təmizlik işləri görməklə çörək pulu qazanır:
“Bununla əlaqədar iş axtardığım zaman Loğman mənim elanıma rast gəlmişdi. Mənimlə telefonla danışdı, amma xidmətə dəvət etmədi. Bir neçə gün sonra yenidən telefonla əlaqə saxladı, məni haradansa tanıdığını bildirdi, görüşə dəvət etdi. Təxminən bir ay telefonla danışdıq.
Harada işlədiyimi soruşdu. İş yerimi dedikdən sonra gəlib məni işdən evə, evdən işə yola saldı. Məndən əl çəkmədiyi üçün görüşə razılıq verdim. Görüş zamanı Loğman məndən xoşunun gədiyini bildirdi. İlk əvvəl çox yaxşı təəssürat yaratdığı və özünü çox mədəni apardığı üçün Loğmanı bəyəndim. Həyatından gileyləndi, ailə qurmaq istədiyini təkidlə dedi. Ona ərim və uşaqlarımın olduğunu desəm də, yenə də mənimlə ailə qurmaq istədiyini bildirdi. Loğmanın səmimiyətinə inandım, onunla yaşamağa razılıq verdim”.
Flora qeyd edib ki, təxminən 2023-cü ilin aprel-iyul ayları aralığında Loğmanla birlikdə Xutorda və Zirə qəsəbəsində kirayə tutduğu evdə qeyri-rəsmi ər-arvad kimi yaşayıblar: “Həmin vaxt Loğman bir neçə dəfə mənə qarşı kobudluq etdi. Ona görə təxminən iki ay 10 gün sonra müxtəlif bəhanələrlə Zirə qəsəbəsindəki evdən çıxaraq ərimin və uşaqlarımın yanına qayıtdım.
Daha sonra Loğman mənimlə telefon vasitəsilə əlaqə saxlayaraq daha kobud olmayacağına, məni incitməyəcəyinə söz verdi, qayıtmağım üçün yalvardı. 2023-cü ilin yay aylarında, təxminən avqustun əvvəli Loğman təkidlə ailə qurmaq istədiyini və hətta oğlum Fəhmini də qəbul etdiyini dedi. Mənə təklif etdi ki, birlikdə Cəlilabad rayonuna gedib orada yaşayaq. Mən də razılaşdım.
Fəhmini də götürərək Loğmanla birlikdə Cəlilabad rayonunun kəndinə getdik. Ancaq orada bir gün də qalmadım, geri qayıtmağı tələb etdim. Loğman bizi ərimin kirayə tutduğu evə geri qaytardı. 2023-cü ilin avqust ayı ərzində Loğman dəfələrlə mənimlə telefon vasitəsilə əlaqə yaradaraq ailə qurmağa təkid etdi. Ərim Şirvanla boşanmağımı tələb elədi. Lakin ərim və mən etirazımızı bildirdik”.
Zərərçəkmiş deyib ki, avqustun 24-də saat 17 radələrində Loğman onun yaşadığı ünvana gəlib: “Mənə yaxınlaşdı, əlində olan energetik içki qabındakı mayeni başıma tökdü. Sonra öz başına da maye tökərək həm məni, həm də özünü yandıracağını dedi. Çünki dəfələrlə mənimlə birlikdə yaşamağı təkid etsə də, mən imtina edirdim.
Loğman əlindəki alışqanı başıma yaxınlaşdırmaq istədikdə, mane oldum. Onu sakitləşdirməyə çalışdım. Sonra parkda oturub söhbət edərkən Loğman yenidən mübahisə etdi. Təkidlə onunla ailə qurmağımı tələb etdi. Benzin olan qabı əlində saxladı. Yoldan keçənlər bizə yaxınlaşarkən Loğman “lezva” çıxararaq boyun nahiyəmə tutdu. Məni qorxudaraq getməyimi tələb etdi. Onu itələdikdə sağ əlimin iki barmağı kəsildi.
Polis əməkdaşları bizə yaxınlaşdıqda Loğman qaçaraq getdi. Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə hadisə ilə bağlı müraciət etdim. Buna baxmayaraq, Loğman yenə də məndən əl çəkmədi. Telefonla əlaqə quraraq onunla yaşamasam, məni öldürəcəyini dedi. Aqressiv olmasını nəzərə alaraq onunla ailə qurmaqdan imtina etdim”.
Zərərçəkmiş bildirib ki, avqustun 29-da saat 12 radələrində Loğmanla görüşüb: “Onunla getməyimi təklif etdikdə ailəmin olduğunu, uşaqlarımı ata bilməyəcəyimi dedim. Bu zaman bıçaq çıxarıb mənə göstərdi. Ancaq heç nə demədi. Mən ona bıçağı yığışdırmağı, artıq hərəkət etməməyi söylədim.
Hər ikimiz ayaq üstə olarkən Loğman dörd-beş dəfə bıçaqla bədənimin qarın və sol nahiyələrimə vurdu. Ətrafdakı insanlar bizə yaxınlaşmadılar, Loğman isə qaçdı. Zərbə vurması təxminən 10 saniyə çəkdi. Həmin an pul qabım əlimdən düşdü və mən qışqırdım.
Loğman uzaqlaşdıqda pul qabımı yerdən götürdüm. Arxası üstə uzandım. Ətrafdakı insanlar məni xəstəxanaya apardılar”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Loğman 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.