Yaşlanma 44 və 60 yaşda sürətlənir

Stanford Universiteti tərəfindən aparılan yeni araşdırma yaşlanma prosesinin hər il eyni templə irəliləyən yavaş bir proses olmadığını ortaya çıxarıb. Tədqiqat nəticələrinə görə, insan orqanizmində yaşlanma 44 və 60 yaşlarında baş verən iki böyük bioloji dəyişiklik dalğası ilə sürətlənir.
Metbuat.az xəbər verir ki, yaşlanma prosesini molekulyar səviyyədə araşdıran alimlər müəyyən ediblər ki, insan bədəni bəzi dövrlərdə sanki “rejimi dəyişir”. 25–75 yaş aralığında olan 108 könüllüdən götürülmüş minlərlə bioloji nümunə — RNA, zülallar və mikrobiomlar üzərində aparılan analizlər göstərib ki, yaşlanma əlamətləri məhz bu iki kritik yaş mərhələsində pik həddə çatır.
Araşdırmaya əsasən, incələnən molekulların 81 faizi bu iki yaş dövrünün ən az birində ciddi dəyişikliklər nümayiş etdirir. Dəyişikliklərin xarakteri isə yaşa görə fərqlənir.
Belə ki, 44 yaş mərhələsində əsasən alkoqol, kofein və yağ metabolizmi ilə bağlı molekullarda ciddi dəyişikliklər müşahidə olunur. Bundan əlavə, ürək-damar xəstəlikləri, eləcə də əzələ və dəri strukturunda pozulmalar bu dövrdə sürətlənir.
60 yaş mərhələsində isə immun sisteminin tənzimlənməsi, böyrək funksiyaları və karbohidrat mübadiləsi ön plana çıxır. Ürək-damar sistemi, dəri və əzələlərdə baş verən dəyişikliklər bu mərhələdə də davam edir.
Tədqiqatın diqqətçəkən nəticələrindən biri isə 44 yaşda baş verən dəyişikliklərin yalnız qadınlara xas olmamasıdır. Alimlər əvvəlcə bu prosesi menopauza ilə əlaqələndirsələr də, eyni molekulyar dəyişikliklərin kişilərdə də eyni yaşda baş verdiyi müəyyən edilib. Bu isə yaşlanma prosesinin hormonal deyil, daha dərin bioloji amillərlə bağlı olduğunu göstərir.
Michael Snyder bildirib ki, insanlar zamanla tədricən deyil, müəyyən dramatik dönüş nöqtələri vasitəsilə dəyişir. Onun sözlərinə görə, bu kəşf Alzheimer və ürək xəstəlikləri kimi yaşa bağlı problemlərin niyə müəyyən yaşlardan sonra qəfil artdığını daha yaxşı anlamağa kömək edəcək.
Mütəxəssislər xüsusilə 40 və 60 yaşlara yaxınlaşan insanların qidalanma və fiziki aktivlik kimi həyat tərzi faktorlarına daha ciddi yanaşmasının vacib olduğunu vurğulayırlar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



