İran meydan oxuyur: Arxasında kim var?

Yaxın Şərqin sürətlə qan gölünə çevrilməsi fonunda İranın arxasında hansı qüvvələrin dayandığı məsələsi yenidən aktuallaşıb. Rəsmi müttəfiqlik çərçivəsi məhdud olsa da, Tehran müxtəlif siyasi, hərbi və iqtisadi tərəfdaşlıqlar vasitəsilə özünü regional təcriddən qorumağa çalışır.
İranın ən mühüm strateji tərəfdaşlarından biri Rusiya hesab olunur. Moskva ilə Tehran son illərdə həm hərbi-texniki əməkdaşlıq, həm də enerji və logistika sahəsində əlaqələri gücləndirib. Xüsusilə Qərb sanksiyalarına qarşı paralel iqtisadi mexanizmlərin qurulması iki ölkəni bir-birinə daha da yaxınlaşdırıb.
Digər vacib oyunçu isə Çindir. Pekin İranın əsas neft alıcılarından biridir və uzunmüddətli strateji əməkdaşlıq sazişi çərçivəsində investisiya və infrastruktur layihələrinə maraq göstərir. Çin üçün İran həm enerji təhlükəsizliyi, həm də “Bir kəmər, bir yol” təşəbbüsünün mühüm halqasıdır.
Region daxilində isə İran daha çox qeyri-dövlət aktorları və ideoloji yaxın qüvvələr vasitəsilə təsirini saxlayır. Suriya rəhbərliyi Tehranla sıx siyasi-müdafiə əlaqələrinə malikdir. Eyni zamanda, Livanda “Hizbullah”, İraqda şiə silahlı qrupları və Yəməndə husilər İranın təsir dairəsində olan strukturlar kimi göstərilir.
Bununla yanaşı, İran açıq hərbi ittifaqdan çox, situativ tərəfdaşlıq modelinə üstünlük verir. Qlobal güclər arasında balans siyasəti yürüdərək həm Şərq blokuna yaxınlaşır, həm də regional təsirini qorumağa çalışır. Nəticə etibarilə, İranın dəstəkçiləri formal hərbi alyansdan daha çox geosiyasi maraqlar üzərində qurulmuş şəbəkə xarakteri daşıyır.
Siyasi analizlər, təhlillər ehtimallar üzərində qurulur. Reallıq isə odur ki, fevralın 28-də başlayan müharibə ağır itkilərlə davam edir. Hələlik görünən odur ki, İran meydanda təkdir. Pərdənin arxasındakı qüvvənin görünüb-görünməyəcəyini isə zaman göstərəcək…
Nazim Hüseynzadə / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



