Maraqlı

İranda müharibə bu tarixdə sonlana bilər

“ABŞ, İsrail və İran arasında müharibənin bu gün 12-ci günüdür. Qarşıdurma getdikcə genişlənir. Artıq İran ətrafında yerləşən 12 ölkədəki ABŞ hərbi bazalarına və İsrailə zərbələr endirir. İsrail və ABŞ isə İranın hərbi obyektlərini, sənaye müəssisələrini, hərbi düşərgələrini, polis məntəqələrini, Sepah-a məxsus bazaları, yəni müdafiə xarakterli obyektləri hədəfə alır. Bu səbəbdən müharibənin arealı daha da genişlənmiş kimi görünür. İran isə xüsusilə körfəz ölkələrində yerləşən ABŞ bazalarına və İsrail ərazisinə mütəmadi olaraq raket və dron zərbələri endirir. Hər iki tərəfdə ciddi dağıntılar, yanğınlar və insan itkiləri var”.

Bu barədə politoloq Elşad Həsənov Metbuat.az-a açıqlamasında İranda hazırda davam edən hərbi-siyasi vəziyyəti şərh edərkən bildirib.

O qeyd edib ki, ABŞ-nin əsas məqsədi hazırkı İran rejimini dəyişmək və ABŞ-lə normal münasibətlər qura biləcək, ona loyal bir hakimiyyət formalaşdırmaqdır:

“Bu istiqamətdə Donald Tramp çıxışlarında bildirib ki, İran üçün onların bir neçə namizədi var. Bununla yanaşı, İranın Ekspertlər Şurası artıq yeni ali dini lideri seçib. Əli Xameneinin oğlu Müctəba Xamenei yeni ali dini lider elan olunub və bütün dövlət qurumları, o cümlədən Sepah ona sədaqət andı içərək əmrlərini yerinə yetirəcəklərini bəyan ediblər. Mövcud vəziyyətdə müharibənin dayandırılması ilə bağlı hər hansı real danışıqlardan söhbət getmir. İran danışıqları rədd edir. Tramp isə bildirib ki, İranda ABŞ-lə danışıqlar aparmaq istəyən qüvvələr var. Bu gün Əli Laricani də açıqlama verərək qeyd edib ki, İran ABŞ-lə danışıqlar aparmayacaq, çünki ABŞ əvvəlki danışıqları pozub. Hazırda hər iki tərəfdə raket ehtiyatlarının müəyyən qədər azaldığı müşahidə olunur”.

Politoloqun sözlərinə görə, ilk günlərdə İranın həm İsrailə, həm də ABŞ bazalarına endirdiyi zərbələr daha çox idi, indi isə say azalır:

“Lakin İran daha güclü, 1 və 2 ton partlayıcı maddə daşıyan raketlərdən istifadə edir ki, bu da dağıntıların miqyasını artırır. Müharibə davam edir. Trampın planına görə, mövcud rejimin dəyişdirilməsi üçün quru əməliyyatları zəruri görünür. Tramp özü də bildirib ki, ABŞ İrana quru qoşunları yeritmək istəmir və dəyişikliklərin ölkə daxilində baş verməsini istəyir. Bununla belə, xalqın kütləvi şəkildə ayağa qalxması da real görünmür. Çünki rejim etirazlara çox sərt müdaxilə edir. Yanvarın 8-10-da baş verən hadisələr zamanı etiraz edən insanlara atəş açıldığı və on minlərlə insanın həlak olduğu bildirilir. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, bu qədər ciddi qarşıdurma uzun çəkməz. Ehtimal ki, martın sonlarına doğru müharibə ya səngiyəcək, ya da tam dayanacaq. ABŞ artıq bəyan edib ki, İranın hava məkanına nəzarət edir, onların raketlərinin böyük hissəsini məhv edib və İran donanmasının 50-dən çox hərbi gəmisini sıradan çıxarıb”,

İranın da müqavimət göstərdiyini və mövqelərini qoruduğunu vurğulayan Elşad Həsənov bu səbəbdən hələlik qələbə qazanan tərəfin bəlli olmadığını qeyd edib:

“Əgər proses bu şəkildə davam edərsə, mayın sonuna qədər qarşılıqlı hücumların azalması mümkündür. Hətta rəsmi sülh müqaviləsi imzalanmasa belə, hər iki tərəf müharibənin davam etməsinin fayda vermədiyini anlayaraq qarşıdurmanı dayandıra bilər. Keçən il baş verən 12 günlük müharibədə də konkret qalib müəyyən olunmadı. ABŞ bildirdi ki, İranın nüvə obyektlərini məhv edib və proqramı onilliklər geri salıb. Lakin hazırkı döyüşlər göstərir ki, İran da kifayət qədər güclü dövlətdir və onu qısa müddətdə işğal etmək mümkün deyil. Bu baxımdan hesab edirəm ki, ayın sonuna qədər raket hücumları azala və tərəflər müharibəni öz qələbələri kimi təqdim edərək prosesi dayandıra bilərlər. ABŞ-nin İrana quru qoşunları ilə müdaxilə edib mövcud rejimi dəyişməsi isə hazırkı şəraitdə real görünmür”.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button